8 Haziran 2015 Pazartesi

Beyleqanda yük avtomobili yandı, cüceler telef oldu

Beyləqanda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Beyləqan rayonu, Beyləqan-Bəhramtəpə yolunun 25-ci kilometrliyində vətəndaşa məxsus "Mercedes" markalı yük avtomobilinin banı və banına karton taralarda yığılmış cücələr yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə : Lent.az

FİFA ve Blatter haqda film 2 güne cemi 607 dollar yığıb

FİFA və onun prezidenti Jozef Blatter haqda “Arzunun liqası” filmi Amerika prokatında ilk iki gündə 607 dollar toplayıb. Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, kinolent ölkənin 10 kinoteatrında nümayiş etdirilib. Los-Anceledə premyeraya iki nəfər gəlib, Finiksdə isə cəmi bir bilet satılıb. Qeyd edək ki, filmin büdcəsi 24 milyon avro olub. Çəkilişlər üçün 22 milyon dolları elə FİFA-nın özü verib. Filmdə Blatter rolunu Tim Rot ifa edib. Filmə həmçinin, təşkilatın üçüncü prezidenti olmuş Jüli Rimenin rolunu canlandırmış Jerar Depardye çəkilib. Əlavə edək ki, ABŞ-da filmin premyerası korrupsiya qalmaqalına görə Blatterin istefa verməsindən bir neçə gün sonraya təsadüf edir. 
Mənbə : Lent.az

Bakının yarısında yollar bağlanır sürücülerin nezerine

İyunun 9-da birinci Avropa Oyunlarının sonuncu təlim və sınaq tədbirlərinin keçirilməsi ilə əlaqədar Bakıda bir sıra yollar üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Lent.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhalinin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə sürücülərə alternativ yollarla hərəkət etməyi, eləcə də 20 gün ərzində şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edir.
Bu barədə İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Oyunların sınağının keçirilməsinin yollarda müəyyən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zərurətini yaratdığını vurğulayan V.Əsədov qeyd edib: “İyunun 9-da səhər saatlarından etibarən məşqlər tam başa çatanadək yollarda görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar paytaxtın Mikayıl Müşfiq küçəsinin Parlament prospekti ilə kəsişməsindən başlayaraq, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, İstiqlaliyyət, Niyazi küçələri, “Azneft” dairəsi, Neftçilər prospekti, “Azadlıq” meydanı, Yusif Səfərov küçəsi, “10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, metronun “Koroğlu” stansiyası, Milli Olimpiya Stadionu, Aeroport şosesi, Mərdəkan dairəsi və Zuğulba qəsəbəsinə doğru, eləcə də əks istiqamətdə geriyə, həmçinin “Cavanşir” körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, habelə Avropa Oyunları zamanı idman yarışlarının keçiriləcəyi bütün arenalar və onlara bitişik küçə və prospektlər üzrə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilir.
Bu məqsədlə sürücülərə Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, yəni “Meyvəli” bazar ətrafından Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yanından keçməklə Binəqədi, Mehdiabad, Digah, Zabrat, Balaxanı, Sabunçu, Bakıxanov, Suraxanı istiqamətində hərəkət etmələri tövsiyə edilir. Abşeron rayonu və Sumqayıtdan gələnlər də BDYPİ-nin yanından keçərək Digah yolundan istifadə etməlidirlər. Eyni zamanda, Hüseyn Cavid prospekti – Mikayıl Müşfiq küçəsi, Yusuf Səfərov – 28 May küçələrinin kəsişməsindən hərəkət istiqamətləri dəyişdirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhər istiqamətinə gələnlərdən isə Suraxanı ərazisindən keçərək Bakıxanov, Qaraçuxur və Sabunçu qəsəbələri ərazisindəki yollarla hərəkət etmələri xahiş olunur. Paytaxtın Xətai rayonunda Nəcəfqulu Rəfiyev Babək prospekti və digər yollar hərəkət üçün açıq olacaq”. Sürücü və avtomobil sahiblərini 20 gün ərzində şəxsi avtomobillərindən istifadədən imtina etməyə çağıran bölmə rəisi bildirib:
“Mövcud vəziyyəti və şəraiti nəzərə alaraq, bir daha sürücülərə şəxsi avtomobillərdən istifadə etməmələri, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir avtomobil sahibini, sürücünü birinci Avropa Oyunları ilə əlaqədar “Avtomobilsiz 20 gün” devizi altında həyata keçirilən kampaniyaya qoşulmağa çağırır”. Mənbə : Lent.az

Türkiye Braziliyadakı sefirini geri çağırdı

Türkiyə Braziliyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkə XİN-in yaydığı bəyanatda deyilir. Braziliya Senatı mayın sonunda 1915-ci ildə ermənilərin qondarma soyqırımı ilə bağlı qətnamə qəbul edib. “Braziliya Senatının həqiqətləri təhrif edən qərarı erməni lobbisinin təsiri ilə qəbul edilib. Türkiyənin mövqeyi Braziliyanın Ankaradakı səfirinin nəzərinə çatdırılıb, Türkiyənin Braziliyadakı səfiri Hüseyn Diriöz isə məsləhətləşmələr üçün geri çağrılıb”, sənəddə deyilir. 
Mənbə : Lent.az

Supermodel Keyt Moss teyyareden qovuldu

Britaniyalı supermodel və aktrisa Keyt Moss aqressiv davranışa görə “Easyjet” aviaşirkətinin təyyarəsindən çıxardılıb. Lent.az-ın “trend”-ə istinadən xəbərinə görə, hadisə İngiltərənin Luton aeroportunda baş verib. Polis bildirib ki, qayda-qanuna nəzarət edən əməkdaşlar K.Mossu təyyarədən qovublar. Bununla bağlı ondan heç bir rəsmi şikayət edilməyib və o saxlanmayıb. K.Mossun qaydaları necə pozduğu açıqlanmır.
Mənbə : Lent.az

Neft bazasında güclü yanğın: 1 ölü, 3 yaralı

Kiyev vilayətində neft bazasında baş verən güclü yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır xəsarətlər alıb. APA-nın məlumatına görə, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Kiyev vilayətinin Kryaçki yaşayış məntəqəsindəki “BRSM-neft” neft bazasında güclü yanğın iyunun 8-də, axşam saatlarında başlayıb. “Yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerinə “Ukrayna dəmir yollarının iki yanğınsöndürən qatarı yollanıb”, məlumatda deyilir. Hadisənin baş vermə səbəbləri barədə məlumat verilmir.
Mənbə : Lent.az

Prezidentin qızı Leyla Əliyeva boşandı

Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva həyat yoldaşı Emin Ağalarovla olan münasibətinə aydınlıq gətirib. “Azadlıq.az” xəbər verir ki, xanım Əliyeva bu barədə rəsmi instagram səhifəsində məlumat yayıb. Leyla Əliyeva bildirib ki, onun Emin Ağalarovla mübasibətlərinin formal xarakterdə olması Azərbaycanda bir çoxlarına sirr deyil və artıq boşanmaq üçün müraciət edib: “Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”. Qeyd edək ki, Leyla Əliyeva və Emin 2006-cı ildə ailə qurublar. Onların Əli və Mikayıl adlı əkiz övladları var.

Yanan binada kompensasiya məsələsi həll olunub

Binəqədi rayonundakı yanmış binanın təmiri artıq 4 aydan sonra bitəcək və sakinlərin istifadəsinə veriləcək. Azadliq.az Publika.aza istinadən xəbər verir ki, BŞİH-in başçısı Hacıbala Abutalıbovun sözlərinə görə kompensasiya məsələsi artıq tam həll olunub.
Yalnız bir ailə – ana, gəlin və oğul arasında təzminatın bölünməsi məsələsi qalıb. “Yəqin yaxın günlərdə o məsələni də yoluna qoyacağıq, çünki ev ananındır, amma oğula verib, orda indi onlar qalırlar. Ev ananındır deyə pulu da ona verəcəyik. Belə kiçik mübahisə var. Bundan başqa, 5 mənzildə vərəsəlik problemi ortaya çıxıb. 6 ay ərzində vərəsəlik məsələsi məhkəmə yolu ilə həll olunandan sonra bu məsələni də konkretləşdirəcəyik”.
Azadliq.az

Sarıkökün nelere faydası var

Ana vətəni Çin, Pakistan, Şərqi Hindistan olan sarıkökün bitkisinin yarpaqları yaşıl,çiçəyi isə qızılı sarı rəngindədir. Asiya ölkələrində ədviyyatdan əlavə dərman kimi istifadə olunan sarıkök, eyni zamanda ipəkli parçaların boyanmasında da istifadə olunur.
Sarıkökün xərçəng xəstəliyinə qarşı birəbir silah olduğunu söyləyən onkoloq həkimlər onun bu təsirinin qüvvətli antioksidan özəlliyindən iləri gəldiyini söyləyirlər. Dəri, bağırsaq və məmə xərçənglərində hüceyrələrin çoxalmasının qarşısını alır.
Qaraciyər xəstəliklərində sarılıq və vərəmə qarşı çox güclü təsirə sahib olan sarıkök qaraciyəri gücləndirən və xolestrolu da azaldan özəlliklərə sahibdir. Gündə 2-3 xörək qaşığı sarıkök istifadə etmək xərçəng xəstəlikləri üzərində güclü təsirə sahib olmaq deməkdir. 24 saat içində xəstə hüceyrələri öldürən sarıkök şişin böyüməsinin qarşısını alır.
Ölümcül xərçəng tipi olan pankreas üzərində də güclü təsirə sahib olan sarıkök bilim dünyasını ümidləndirir. Sarıkökü həm yeməklərinizdə, həm də ədviyyat olaraq istifadə edə bilərsiniz. Günlük həyatınızda bir çay qaşığı sarıkökü balla qarışdırıb yeyə bilərsiniz.
Qaz problemlərinə, həzm problemlərinə də yaxşı təsir edən sarıkök həm iştah açıcı həm də xörəklərə ləzzət verən bir ədviyyatdır. Sarıkökün yazmadığımız daha nə qədər faydalı bir ədviyyat olduğunu sonrakı yazılarda sizinlə paylaşacağıq.
Azadliq.az

Çempionlar liqasının qalibi Barselona oldu

Futbol üzrə Çempionlar Liqasında 2014/2015 mövsümünə yekun vurulur. Azadliq.az AzNews.aza istinadən xəbər verir ki, həlledici oyunda “Yuventus” və “Barselona” klubları üz-üzə gəlir. Almaniyanın Berlin şəhərində Olimpiya stadionunda bu oyuna Bakı vaxtı ilə saat 23.45-də start verildi.
Qeyd edək ki, komandalar meydançaya bu heyətlə çıxıb: “Yuventus”: Gianluigi Buffon, Andrea Barzagli, Leonardo Bonucci, Stephan Lichtsteiner, Patrice Evra, Paul Pogba, Claudio Marchisio, Andrea Pirlo, Arturo Vidal, Alvaro Morata, Carlos Tevez. “Barselona”: Marc-Andre ter Stegen, Gerard Pique, Javier Mascherano, Jordi Alba, Daniel Alves, Ivan Rakitic, Sergio Busquets, Andres Iniesta, Luis Suarez, Lionel Messi, Neymar. Xatırladaq ki, matçı türkiyəli referi Cuneyt Çakır idarə edirdi. Azadliq.az AzNews.aza istinadən xəbər verir ki,“Barselona” klubu İtaliyanın “Yuventus” komandasını 3-1 hesabı ilə udaraq 5-ci dəfə Çempionlar Liqasının qalibi oldu. Oyunda qolları Rakitiç (4-cü dəqiqə), Morata (55), Suares (68) və Neymar (90+4) vurdu.
Azadliq.az

Hacıbala Abutalıbov villaları canlı musiqi ilə sökdürür video

Bakının “Dostluq” parkı ərazisində qanunsuz tikilmiş villalar musiqi sədaları altında sökülür. “Azadlıq.az” virtualaz.org-a istinadən xəbər verir ki,bunun üçün söküntü işləri aparılan əraziyə xüsusi ansambl gətirilib. Onun ifa etdiyi musiqi nömrələri baş verənlərə təntənə fonu qatır. O da maraqlıdır ki, söküntü işlərinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəxsın nəzarət edir. Bakı merinin bildirdiyinə görə, sökülən villaların yerində 10 min ədəddən çox ağac əkiləcək.

Türkiyə: Ak Parti seçkini uduzdu, Koalisiya höküməti qurulacaq

Açılan sandıq sayına görə, elan olunmuş nəticələrə görə, 2011-ci ildə keçirilmiş son parlament seçkisi ilə müqayisədə təxminən 9% səs itirərək 40.81% səs alan Ədalət və İnkişaf Partiyası (AKP) təkbaşına çoxluq hökuməti qurma gücünü itirib. secim1 Millətvəkili sayı sağda göstərilib. secim2 Xatırlatmaq yerinə düşər ki, partiyanın qurucu lideri Rəcəb Tayyib Ərdoğan 10 avqust 2014-cü ildə keçirilən prezident seçkisində 51.7% səs alıb. Seçkinin nəticələrini Konyada öyrənən AKP sədri və baş nazir Əhməd Davudoğlu Ankaraya hərəkət etməzdən əvvəl partiyanın tərəfdarlarına müraciət edərək təşəkkürünü bildirib: ”Bundan sonra da birlikdə olacağıq, gözəl günlər bizi gözləyir. Heç kimin önündə əyilməyəcəyik. Allah sizdən razı olsun”.
Konstitusiyaya görə, baş nazir Əhməd Davudoğlu bazar ertəsi hökumətin istefa ərizəsini prezidentə təqdim edəcək. Türkiyədə formalaşmış siyasət ənənəsinə görə, prezident Ərdoğan növbəti hökumət qurulana qədər Əhməd Davudoğlundan baş nazir vəzifəsini icra etməsini xahiş edəcək. Siyasi təmayüllərə uyğun olaraq, prezident Ərdoğanın yeni hökumətin qurulması səlahiyyətini Məclisin birinci partiyasının lideri olan Əhməd Davudoğluna verməsi gözlənilir. Hökumətin Məclisdən etimad ala bilməsi üçün 276 millət vəkilinin dəstəyinə ehtiyacı var. Hazırda təxminən 260 mandat qazanmış AKP-nin təkbaşına çoxluq hökuməti qurması mümkün görünmür.
Əgər seçkidən sonrakı 45 gün ərzində yeni hökumət qurula bilməzsə, prezidentin Məclisi buraxıb yeni seçkiyə getmək barədə qərar qəbul etmə səlahiyyəti var. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyası 2011-ci ildə olduğu kimi yenə seçkidən ikinci yerdə çıxaraq təxminən 130 mandat qazanıb. 7 iyunda keçirilmiş seçkidə əsas fərqlənən isə müxalifətdəki Milliyyətçi Hərəkat Partiyası (MHP) və kürd təmayüllü Xalqların Demokratk Partiyası (HDP) olub. 2011-ci ildəki seçkidə Məclisə 54 millət vəkiliylə girən MHP bu dəfə təxminən 16.5% səslə 84 mandat qazanıb.
Seçki xəritəsinə baxılanda MHP-nin təsirli olduğu bir çox bölgədə reytinqini yüksəltdiyi görünür. 7 iyunda keçirilmiş seçkinin ən önəmli hadisəsi isə 2014-cü ilin iyununda qurulan HDP-nin 11.5% səslə 10%-lik ölkə bariyerini keçməsi və təxminən 75 millət vəkili mandatı qazanmasıdır. Belə ki, son iki seçkiyə müstəqil namizədlərlə girərək daha sonra Məclisdə fraksiya yaradan kürd təmayüllü siyasi hərəkat ilk dəfə 10%-lik ölkə bariyerini keçərək Məclisdə 75 mandat qazana bilib.
Daha əvvəl İstanbul millət vəkili olub bu dönəmdə Ankaradan seçilən Sırrı Sürəyya Öndər partiyanın tərəfdarlarına müraciət edərək “Bu gecə qələbəni qeyd etməməyə, seçki məntəqələrində qalaraq səsləri qorumağa” çağırıb. MHP-nin seçki uğuruna diqqəti cəlb edən siyasi müşahidəçilər “İqtidar partiyasının dövlətin bütün imkanlarından istifadə edərək apardığı qeyri-bərabər təbliğat dönəmindən sonra CHP-nin əldə etdiyi nəticəni uğursuz saymadıqlarını” bildiriblər. Konstitusiyaya görə, seçkidən sonrakı mərhələdə Məclisin yeni rəyasət heyəti formalaşdırılacaq. Yeni sədr seçilənə qədər Məclisin ən yaşlı üzvü sədr seçkisi prosesini idarə edəcək. Məclisin spikeri seçiləndən sonra isə vəzifəni ona təhvil verəcək.

Marneulidə erməni sürücü azərbaycanlı uşağı öldürdü

Marneuli rayonunun Ermənistanla sərhəddə yerləşən Sadaxlı kəndində erməni sürücü kənd sakini olan 10 yaşlı azərbaycanlını vurub. Hadisə kənddə etiraza səbəb olub. “Qafqazinfo”nun ans-ə istinadən xəbərinə görə, Ermənistanla Gürcüstanı birləşdirən magistral yolun təxminən 2 km-lik hissəsi Sadaxlı kəndinin ərazisindən keçir.
Sakinlərin sözlərinə görə, 4-cü sinif şagirdi Əlinin başına gələn hadisə, kənd ərazisində ilk deyil. Kənd sakini Eldar Əliyevin sözlərinə görə, 5 il ərzində bu yolda 13 faciə baş verib. Sadaxlı kənd bələdiyyəsinin nümayəndəsi Rafael Xəlilov rayon rəhbərliyinin də hadisə yerinə gəldiyini və problemlə tanış olduqlarını deyir: “Yol təzə təmir olunub. İndi layihədə nəzərdə tutulub ki, bu yollara maneələr qoyulacaq. Hazırda bunula bağlı tender elan olunub. Yaxın günlərdə bu işlərin həyata keçirilməsinə başlanılacaq”. Erməni avtomobillərinin zərbəsinə tuş gələn azərbaycanlıların sayının artmaması üçün deyilən tədbirlərin nə zaman görüləcəyi hələ ki dəqiq məlum deyil.
Azadliq.az