19 Nisan 2016 Salı

Rus politoloq: “Türkiyə Qarabağ danışıqlarında Bakının mövqeyini gücləndirir”

Artıq xəbər verdiyimiz kimi, Türkiyə Baş Qərargahının sabiq rəisi Ülkər Başbuğ bu günlərdə çoxlarının təəccübünə səbəb olan bir etiraf edib. Belə ki, nüfuzlu general Ərzrumdakı Atatürk Universitetində çıxış edərkən deyib: “Həmişə tək millət, iki dövlət deyirik. Tərcüməçi olmadan bir-birimizlə danışırıq. Lakin bu iki dövlətin birləşməsi mümkün deyil, bunu etməzlər. Kaş ki, şərtlər uyğun olsaydı…”.

Virtualaz.org xatırladır ki, ümumiyyətlə, son yüz ildə bu iki xalqın birləşməsi ideyası bir neçə dəfə qabardılıb.

Bu istər keçən əsrin əvvəlindəki türk gənclərinin, istərsə də rus çarlığı ilə mübarizəyə qalxan Azərbaycan ziyalılarının ülvi arzularından biri olub. Bu ideya 1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazanandan sonra da gündəmə gətirildi. Özü də həm Türkiyə, həm də Azərbaycandakı müxtəlif şəxslər və qurumlar tərəfindən. Yeri gəlmişkən, prezidentin xarici məsələlər üzrə keçmiş müşaviri Vəfa Quluzadə də Azərbaycan-Türkiyə konfederasiyasının yaradılması ideyası ilə çıxış etmişdi. Amma həmin ideya onda da Azərbaycan hakimiyyəti və xalqı tərəfindən dəstəklənmədi. Azərbaycanlılar öz dövlətlərinin müstəqilliyi ilə qürur duyur və bu müstəqilliyi qətiyyətlə müdafiə edib qoruyacaqlarını bildirirdilər.

Və budur, köhnə ideya yenidən gündəmə gətirildi. Özü də Türkiyə generaliteti tərəfindən.

Məşhur rusiyalı politoloq Sergey Markedonov virtualaz.org-a bildirib ki, generalın açıqlaması heç də “birləşmək prosesi üzrə təcili danışıqlara başlamaq lazımdır” demək deyil: “Soruşa bilərsiniz ki, bəs onda bu cür bəyanat nəyə lazımdır? Zənnimcə, səbəb məlumdur: Ankara bununla son vaxtlar aktuallaşan Qarabağ üzrə danışıqlarda Bakının diplomatik mövqeyini gücləndirir. Düzdür, bu həmrəyliyin ictimai nümayişinin nə qədər səmərəli olacağını demək çətindir. Amma bu vasitədən istifadə olunur”.

Millət vəkili Zahid Oruc İlkər Başbuğu Türkiyənin həm siyasi, həm də hərbi elitasında tanınmış, xalq tərəfindən sevilən bir sima hesab edir və fikirlərinə sayğı ilə yanaşır: “Amma mən daha çox müstəqil dövlət kimi qalmağın tərəfindəyəm. Mənə elə gəlir ki, güclü Azərbaycan dövləti Türkiyənin də maraqları daxilindədir. Ona görə də Ankara regionda güclü müttəfiqinin olmasını istəyirsə, Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləməlidir”.

Azadliq.az

Hiç yorum yok:

Yorum Gönder